Yeni tədris ilinin yaxınlaşması ilə ali və orta tədris ocaqlarına hazırlaşanlar sağlamlıq haqqında arayış almağa tələsirlər. Arayış üçün poliklinikalara üz tutanlar isə saatlarla növbə gözləməli olurlar. Bu haqda bu gün, 9 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.

Xətai rayonundakı 6 nömrəli poliklinikada sağlamlıq haqqında arayış almaq üçün müəllimlər, şagirdlər və tələbələr saatlarla, hətta günlərlə növbə gözləməli olurlar. Hazırda əksər poliklinikalarda oxşar atmosfer hökm sürür.

“Sıxlıq problemi, adətən, səhər saatlarında yaşanır. 9-11 arasında baş verir. Çox nadir hallarda olur ki, günortadan sonrakı saatlarda növbə sıxlığı hansısa tibb müəssisəsində yaşansın. Bu, sistemlə bağlı deyil. İnsanların böyük əksəriyyəti həkimə səhər saatlarında gedir. Bu səbəbdən belə hallar yaşana bilir”, – deyə Bakı Baş Səhiyyə Mərkəzinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

Millət vəkili Ceyhun Məmmədov deyir ki, bu cür arayışların alınmasına ehtiyac da yoxdur. Ümumiyyətlə, arayışlar ya ləğv edilməlidir, ya da bu proses elektronlaşmalıdır:

“Bu, vətəndaşlarda narazılıq yaradır, çünki uzun bir prosesdir. Və bir sıra hallarda dəllallar bu məsələdən istifadə edirlər. Vətəndaşlar gedir, bəzən ödəniş edirlər. Əksər hallarda bu arayışlar yoxlanılmadan verilir, mövcud reallıqları nəzərə almalıyıq. Bu arayışın ləğvi barədə qərar verilməlidir”.

Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, bu qanunun tələbidir. Vətəndaşlardan arayış istənilirsə, verməlidirlər.