Birinci Qarabağ müharibəsində həlak olan və itkin düşən Azərbaycan ordusunun əsgəri Əli Hüseynovun cənazəsi 30 ildən sonra Füzuli rayonuna gətirilərək dəfn olunub. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Şəhidlə vida mərasimində onun ailə üzvləri, yaxınları, rəsmi şəxslər, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdən sonra şəhidin cənazəsi Aşağı Yağlıvənd kənd qəbiristanlığında dəfn olunub.
Əli Hüseynov 1968-ci il avqustun 13-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli və Xocavənd ərazisindəki döyüşlərdə iştirak edib. Hüseynov 1993-cü il avqustun 6-da Füzuli rayonunun Qovşaltı kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə itkin düşüb.
2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqları işğaldan azad edildikdən sonra bu ərazilərdə azərbaycanlıların kütləvi məzarlıqları aşkar edilib.
Ekspertiza zamanı aşkarlanan qalıqların Əli Hüseynova məxsus olduğu təsdiqlənib.
