Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” ərazisində yolları və məhəllələri yağış suları basıb. Bu haqda bu gün, 11 sentyabr tarixində Bakuplus.az Xezerxeber-ə istinadən məlumat verir.

Sakinlər bildirir ki, ümumiyyətlə sözügedən yaşayış məntəqəsində kanalizasiya şəbəkəsi yoxdur və yollar bərbad vəziyyətdədir.

Qardaşxan Əhmədli küçəsinin sakinləri bildirirlər ki, nəinki ictimai nəqliyyat, yolların pis vəziyyətdə olmasına görə, hətta təcili yardım maşınları da əraziyə gəlməkdən imtina edirlər.

Problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, Binə qəsəbəsində istismara yararsız yolların təmiri işlərinin aparılması məqsədilə AAYDA-ya, həmçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) rəsmi müraciət ünvanlanıb.

Bundan başqa qeyd olunub ki, Binə qəsəbəsinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə müvafiq layihə sənədləri tərtib olunub. Kanalizasiya sistemlərinin qurulması tədbirlər planına uyğun mərhələlərlə həyata keçiriləcək.