Bu gün, 11 sentyabr saat 08:30 radələrində erməni silahlı dəstələri Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. Bu haqda Bakuplus.az Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinə istinadən məlumat verir.
Separatçılar itin üzərinə uzaqdan idarə olunan əldəqayırma kustar partlayıcı qurğu bağlayaraq heyvanı mövqelərimiz istiqamətində hərəkət etməyə məcbur ediblər.
Terror cəhdinin qarşısı ordumuzun hərbçiləri tərəfindən alınıb.
MN Adi silahların müəyyən növlərinin istifadəsinə qadağa və məhdudiyyətlərə dair Konvensiyanın Minaların, mina-tələlərin və digər qurğuların tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında protokoluna zidd olan əməl kimi qətiyyətlə pisləyib.
Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir və bu, terror aktı kimi qiymətləndirilir.
