Paytaxtın mərkəzi küçələrinin birində fəaliyyət göstərən telefon mağazasının sahibi bir ilə yaxındır sosial şəbəkələrdə dələduzluq edən şəxsin qurbanı olub. Belə ki, həmin şəxs bahalı nömrələri internet üzərindən satdığını bildirərək vətəndaşdan beh alır. Sonra isə mağazaya yaxınlaşıb götürməsini bildirir. Müştəri mağazaya gəldikdə isə aldadıldığını öyrənir. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Mağaza sahibi Səttar Məmmədov deyir ki, gün ərzində 10-15 nəfər mağazaya yaxınlaşaraq beh verdiklərini deyirlər:
“24 ildir ki, biz bu mağazada fəaliyyət göstəririk. İndiyə qədər də bu mağazada biz heç kimi aldatmamışıq. Amma bir nəfər şəxs bizim ünvanımızı İnstagram səhifəmizdən götürərək milləti aldadır ki, filan nömrə bizim mağazamız tərəfindən satılır. “Kartıma 50 manat, 100 manat, 200 manat pul atın, sonra yaxınlaşıb mağazada nömrəni götürün”, – deyir. Amma bizdə belə nömrələrin satışı yoxdur”.
Səttar Məmmədov deyir ki, üzləşdiyi problemlə bağlı 11 aydır ki, aidiyyəti qurumlara müraciət edir, lakin nəticəsi yoxdur. Dələduzluq edən şəxs mağaza sahibindən bunu etməməsi müqabilində aylıq 300 manat da tələb edib.
“11 aydır mən həmin şəxsdən şikayətçiyəm. Elə qurum qalmayıb ki, mən ona şikayət etməyim. Bütün qurumlar bu işdən xəbərdardır. Amma nəticə yoxdur”, – iş adamı deyir.
Mağaza sahibi özü həmin şəxslə əlaqə saxlamağa cəhd edib. Söhbət əsnasında aldığı cavab isə onun üçün gözlənilməz olub.
“Bir dəfə də bizim işçi həmin şəxslə danışıb. O deyib ki, bizim mağazanın adından hər ay 10.000 manat pul qazanır”.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, bu ilk belə hal deyil və araşdırılır.
“Son dövrlər dələduzluqla məşğul olan bəzi şəxslər sosial media və elan saytları üzərindən satışa çıxardıqları məhsulların ödənişinin ilkin olaraq bir hissəsini yalnız onlayn qaydada qəbul edə biləcəklərini bildirirlər. Ödəniş edildikdən sonra isə həmin şəxslə əlaqə saxlamaq mümkün olmur. Bu kimi neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında əməliyyat-texniki, əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri görülərək hal araşdırılır və qanuna müvafiq şəkildə təmin olunur”, – deyə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.