Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonlardan gələn tələbələr kirayə ev tapa bilmirlər. Problemi, xüsusən oğlan tələbələr yaşayırlar. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.
Bu problemi yaşayanlardan biri də 4-cü kurs tələbəsi Murad Şabanovdur. Onun sözlərinə görə, bir aydır axtarsa da, kirayə ev tapa bilmir: “Oğlan tələbələrə ev verilmir. Bunun səbəbini də soruşuruq. Ya ev qiymətləri çox bahadır, ya da deyirlər ki, ev ancaq ailələrə və yaxud da tələbə qızlara verilir”.
Əmlakçılar kirayə evlərin oğlanlara verilməməsinin bir neçə səbəbi olduğunu deyirlər.
“Oğlanlarda çox problemlər yaşanır. Çünki oğlanlar mənzildə qalanda səs-küy salırlar, qonşuları narahat edirlər, mənzilləri çirkli vəziyyətdə saxlayırlar, yığışdırmırlar, təmiz saxlamırlar. Ona görə də ev sahibləri çalışırlar ki, qızlara, ya da ailəyə versinlər”, – deyə mənzil sahibi öz fikrini bildirib.
Mütəxəssislər isə problemin həlli yolunu sahibkarların diqqətini tələbə yataqxanalarının tikintisinə yönəltməkdə görürlər.
“Azərbaycanda sahibkarların diqqətini tələbə yataqxanalarının salınmasına yönəltmək lazımdır. Bu baş vermədən, hesab edirəm ki, problemin həlli istiqamətində ciddi bir irəliləyişə nail olmaq mümkün olmayacaq”, – əmlak eksperti Ramil Osmanlı deyir.
Ekspert onu da əlavə etdi ki, problemin daha tez həll olunması üçün sahibkarlara müəyyən vergi güzəştləri edilməlidir. Əks halda, xüsusilə də universitetə yenicə daxil olan oğlan tələbələrin qayğısı siyahısına hələ uzun illər ev axtarmaq da daxil olacaq.