Bir neçə gün əvvəl Bakının Səbail rayonu, Nizami küçəsində (Torqovaya) qadına qarşı əxlaqsız hərəkətlər edən kişi saxlanılıb. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Hadisə sentyabrın 1-də saat 20:00 radələrində baş verib. Naməlum şəxs mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınlardan birinin paltarına və bədəninə toxunaraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırığına digər insanların yaxınlaşdığını görən kişi ərazidən qaçıb.

Hadisə təqsirkarının Qobustan rayonunun Şıxzaxırlı kənd sakini, 29 yaşlı R.Babayev (şərti) olduğu məlum olub. O, saxlanılaraq Səbail RPİ 39-cu polis bölməsinə aparılıb və barəsində inzibati protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxs Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə bildirib ki, hadisə baş verən zaman aşırı dərəcədə sərxoş olub və hərəkətlərinə hakim ola bilməyib. Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq edən şəxs barəsində 5 sutka inzibati həbs cəzası verilib.