Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Bakının Sabunçu rayonunda yoxlamalar aparıb, bir sıra vətəndaşların sudan qeyri-qanuni şəkildə istifadə etmələri müəyyən edilib. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.

Nöqsanlar Zabrat dairəsində yerləşən mebel sexi və anbar kimi fəaliyyət göstərən obyektdə, Ramana qəsəbəsi, Südçülük sovxozu, Elşən Məhərrəmov küçəsində yerləşən “Kabel sexi”ndə suyun talanması faktları müəyyən edilib. Həmçinin Sabunçu-Zabrat yolu üzərində yerləşən dekorativ ağacların satışı məntəqəsində də içməli sudan qanunsuz istifadə halı aşkarlanıb.

Maştağa qəsəbəsi, Tavaylıq massivində fərdi evlərin tikintisi ilə məşğul olan şəxslər tərəfindən tikilmiş 40-a yaxın həyət evində içməli sudan qanunsuz istifadə edildiyi aşkarlanıb. Evlərin tikintisi ilə məşğul olan maklerlər magistral su kəmərindən qanunsuz olaraq su xətti çəkib və evlərə birləşmə verib.

Həmin su xətləri və birləşmələr ləğv olunub. Yoxlamalar davam etdirilir.