Bakının Xəzər rayonu, Binə qəsəbəsi, İlqar Əhmədov küçəsində yaşayan sakinlər yolların vəziyyətindən narazıdırlar. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Vətəndaşların sözlərinə görə, onlar aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Yağış yağan zaman yollardan istifadə etmək mümkün olmur. Oradan nə avtomobillər keçə bilir, nə piyadalar.
Xəzər Rayon İcra Hakimiyyətindən (RİH) əldə olunan məlumata əsasən, həmin ərazidə yerləşən yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansında olduğuna görə qurum tərəfindən düzəldilməlidir.
RİH-nin verdiyi məlumata görə, məsələ ilə bağlı rəsmi müraciət AAYDA-ya göndərilib.
O da qeyd olunub ki, sözügedən küçənin yollarının əsaslı təmiri və yenidən qurulması işlərinin aparılması məqsədilə RİH cari ilin 23 yanvar tarixində AAYDA-ya təkrar müraciət edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sözlərinə əsasən, bu ərazi agentliyin balansında olmadığı üçün yolların təmiri qurumun səlahiyyətində deyil.