Sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Bu haqda bu gün, 12 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
İş günlərində səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər “Həzi Aslanov” – “28 May” və əks istiqamətdə qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Günorta vaxtı interval 2,5 dəqiqə, axşam saatlarında isə interval 3 dəqiqə və daha çox olacaq. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək.
Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
Yeni qrafikin 2024-cü ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub.
Sərnişinlər qatarların “Bakmil” stansiyasına və əksinə hərəkət cədvəlləri ilə sentyabr ayının 14-ü axşam saatlarından metro.gov.az saytının müvafiq bölməsində tanış ola bilərlər.