Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 150 ailənin yaşadığı bina təhlükəli vəziyyətdədir. Bu barədə Bakuplus.az ATV Xəbərə istinadən bu gün, 13 sentyabr tarixində xəbər verir.
Sakinlər hər an qorxu və təşviş içində yaşadıqlarını bildiriblər.
“Binanın eyvanları tökülür, uşaqlar həyətdə oynayarkən hər an onların üzərinə uça bilər. Binada dəfələrlə yanğın hadisəsi də baş verib”, – deyə bina sakini qeyd edib.
Sakinlər qeyd edirlər ki, taxtalar çürüyüb, yağışlı havalarda evlər su altında qalır.
Vəziyyətdən Fövqəladə Hallar Nazirliyi də xəbərdardır. Baxış keçirildikdən sonra binanın istismara yararsız olduğu təsdiqlənib.
Sabunçu Rayon İcra Hakimiyyətindən (RİH) isə bildirilib ki, vaxtilə bir sıra mənzil korporativləri yeni binaların inşası üçün sakinlərlə danışıqlar aparıb. Lakin sakinlər qanunsuz tikililərin də sahəsinin hesablanmasını tələb ediblər. Nəticədə razılıq əldə olunmayıb.
Qarşılıqlı razılaşma olarsa, RİH etiraz etməyəcək və işlərin tez bir zamanda başlanılmasına dəstək olacaq.