Başlanğıcı Yasamal yaşayış kompleksindən götürən və sonuncu dayanacağı “Nəriman Nərimanov” metro stansiyasının giriş-çıxış nöqtəsi olan 9 nömrəli avtobusun uzun intervalla işlədiyi deyilir. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az ARB Xəbər-ə istinadən məlumat verir.

Sərnişinlər deyirlər ki, dayanacaqda yarım saatdan çox gözləyənlər var, avtobuslar müntəzəm gecikmə ilə gəlir. Üstəlik sözügedən xətt işə düşəndə istifadəyə yeni avtobuslar verilsə də, qısa müddət sonra onların bir qismi köhnələri ilə əvəzlənib.

“Fəaliyyət başlayanda nəqliyyat vasitələri təzə olub. İndi isə əksəriyyəti köhnələrlə əvəzlənib”, – deyə sərnişinlər şikayət edirlər.

Daşıyıcı şirkətdən isə deyildi ki, heç bir gecikmədən və digər neqativ hallardan söhbət gedə bilməz. 9 nömrəli avtobus 5-10 dəqiqəlik intervallarla dayanacaqlara çatır. O ki qaldı nəqliyyat vasitələrinin əvəz edilməsi məsələsinə, sadəcə avtobusların sayı artırılıb. Onlar köhnə nəsil nəqliyyat vasitələri olsa da, hazırda istismara tam yararlıdır.