Səbail rayonu, İstiqlaliyyət küçəsi, 63 ünvanında yerləşən tarixi binanın divar hissələrində artıq bir neçə gündür ki, söküntü işlərinə başlanılıb. Bu haqda bu gün, 13 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Sakinlər deyirlər ki, sözügedən binaya edilən müdaxiləni tariximizə edilən müdaxilə kimi də dəyərləndirmək olar. Bu mənada aparılan işlər yolverilməzdir.
Ərazidə söküntü işləri aparan Bakı Abadlıq şirkətinin nümayəndəsi, professor memar Elçin Əliyev isə vurğulayıb ki, tarixi binada binanın ömrünü uzatmaq məqsədilə yalnız restavrasiya işləri görülür.
“Hökumət tərəfindən bu binalar bərpa olunur. Bərpa etmək üçün də köhnə suvaq mütləq sökülməlidir ki, yenisi ilə əvəz olunsun. Həmin qədim cizgilərlə çox işlər arxivlərdə aparılır. Arxivdən həmin layihələrin cizgiləri tapılır və həmin cizgilərlə bərpa işləri aparılır. O çatları necə götürək? Ancaq suvaq mütləq sökülməlidir ki, yeni əsaslı suvaq texnologiyaya aid olan bütün şərtlərlə vurulsun ki, üstündə də həmin lepka bərpa olunsun”, – memar deyib.
Elçin Əliyev, həmçinin bildirdi ki, təkcə İstiqlaliyyət küçəsində deyil, paytaxtın mərkəzi küçələrindəki bir çox binalarda da restavrasiya işləri aparılır. Əgər vaxtında bu işlər görülməsə, binaların uzunömürlülüyü sual altına düşə bilər.