Bakının Xətai rayonunda yerləşən 245 saylı tam orta məktəbin ikinci darvazası illərdir ki, burda təhsil alan şagirdlərin üzünə bağlıdır. Bu haqda bu gün, 14 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən məlumat verir.
Məktəbə həm Xudu Məmmədov küçəsindən, həm də Cavanşir küçəsi istiqamətindən keçid var. Lakin bu istiqamətdə yaşayanlar böyük bir məsafəni qət edib, əsas darvazadan daxil olmalıdırlar. Bu da tədris ili zamanı günün pik saatlarında şagirdlərin dərsə gecikməsinə və müxtəlif problemlərə səbəb olur.
Yeni tədris ilinin astanasında məktəbə gələn valideynlər və şagirdlər artıq köhnələn problemin yaratdığı çətinlikləri yenidən hiss edirlər. Bu səbəbdən onlar tez bir zamanda məktəbin bağlanan darvazasının açılmasını istəyirlər.
Direktor müavini Rəna Əbilovanın sözlərinə görə, məktəbin ikinci çıxışı illərdir ki, qəzalı vəziyyətdədir: “Dəfələrlə şagirdlərimiz zəda alıblar. Binamız İcra Hakimiyyətinin (RİH) tabeliyində olduğu üçün təmir məsələsi bizim məsuliyyətimizdə deyil.”
Qəzalı vəziyyətə düşən çıxışın təmiri ilə bağlı Xətai RİH-dən bildirildi ki, yaxın günlərdə əraziyə baxış keçiriləcək və təmir işləri həyata keçiriləcək.