Azərbaycanda fiziki şəxs tərəfindən şəxsi istifadəsi üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə dövlət rüsumunun dərəcələri azaldılır. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, ölkəyə gətirilən mobil cihazlara aşağıdakı dövlət rüsumu dərəcələri tətbiq ediləcək:
- Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar – 15 manat;
- Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 20 manat;
- Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 30 manat;
- Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda – 40 manat;
- Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 50 manat;
- Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda – 70 manat;
- Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 100 manat.
Bundan başqa, qeydiyyata alınması üçün ərizənin verildiyi tarixdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş orqanın rəsmi internet saytında markası və modeli, habelə bazar qiyməti göstərilməyən mobil cihazlar üçün rüsumların məbləğinin 20 manatdan 15 manata endirilməsi təklif edilir.