Bakının bir çox rayonlarında binaların həyətyanı sahələrinin icazəsiz zəbt edilməsi müşahidə olunur. Bu, əsasən, Xətai rayonunda baş verir. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Baku TV-yə istinadən məlumat verir.
Birinci mərtəbələrdə yaşayan sakinlər icazəsiz olaraq ərazini hasarlayır, bağlar və tərəvəz bağları salır, nəticədə belə həyətlərin ətrafında hərəkət etmək çətinləşir.
Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, belə hallar məhəllələrin abadlaşdırılması zamanı qanunsuz hasarlar və qarajlar sökülərkən öz həllini tapır. Şöbə müdiri qeyd edib ki, abadlıq işləri hissə-hissə aparılır.
“Xətai rayonunun ərazisi böyükdür. Hazırda yüzlərlə abadlaşdırılmış həyətlər salınıb və bu istiqamətdə işlər davam etdirilir”, – deyə o əlavə edib.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Bakıda yerləşən çoxmənzilli binaların əksəriyyətinin birinci mərtəbələri qeyri-yaşayış sahəsidir, onlara əlavə artırma işləri aparılıb, yol kənarındakı səkilər zəbt edilib.
Ekspert əlavə edib ki, qəza və ya yanğın baş verərsə, yanğınsöndürənlərin və digər xüsusi maşınların belə həyətlərə çıxışında problem yaranacaq. Eyni zamanda söküntü planına düşən köhnə yaşayış binalarının sakinləri ilə tikinti şirkətləri arasında münaqişə yaranır, çünki əhali bu icazəsiz tikintiyə görə əlavə pul kompensasiyası tələb edir.
“Nəticədə mübahisələr yaranır və söküntü və yeni tikinti ləngiyir. Aidiyyəti qurumlar bununla bağlı nəzarəti gücləndirsəydi, problemlərin qarşısını almaq olardı”, – Fərzəliyev vurğulayıb.