28 may 1918-ci ildə, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ölkə 2 yerə parçalanmışdı. Paytaxt olan Bakıda bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları hakimiyyəti ələ keçirmişdilər.

Onlar Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırım törədir, insanları kütləvi şəkildə qətlə yetirirdilər. Bolşevik-daşnaklar bütöv Azərbaycanı nəzarətə almaq üçün genişmiqyaslı əməliyyata başlamışdılar.

Bu zaman Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilmişdi. Onlar Azərbaycanın Milli Ordu birləşmələri ilə birlikdə Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləmişdilər.

15 sentyabr 1918-ci ildə Bakı işğalçılardan azad olunmuş, 1 gün sonra isə indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilmişdi. Bununla bağlı paytaxtda xilaskar türk əsgərinin şərəfinə abidə də ucaldılmışdı.

Bakı uğrunda mübarizədə Cahangir Novruzov kimi döyüşçülər erməni-bolşeviklərin yanında vuruşan ingilis generalı Lionel Çarlz Denstervillin başçılıq etdiyi dəstələrə qarşı da dururdular.

Bu gün Bakının işğaldan azad edilməsindən 105 il ötür
Foto açıq mənbədən