Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar. Bu barədə bu gün, 15 sentyabr tarixində qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məlumat verib.
Onun sözlərinə görə, səhər saatlarından başlayaraq şəhərin təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə həm mərkəzin müşahidə kameraları, həm də yol polisi əməkdaşları tərəfindən nəzarət tədbirləri gücləndirilib.
“Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təhsil müəssisələrinin yaxınlığındakı yollarda sıxlığın və tıxacların qarşısını almaq üçün işıqforun yaşıl fazasını uzadıb. Yollarda vəziyyət nəzarət altındadır”, – deyə Ömər Xıdırov bildirib.