Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Bakı şəhərinin Səbail rayonunda, Lermontov küçəsində yerləşir.

XX əsrdə akademiya sovet işçilərini hazırlayan Azərbaycanda ilk ali partiya-siyasi təhsil müəssisəsi idi. Bu müəssisənin tarixi 1946-cı ildə başlayıb. Həmin ilin noyabr ayında partiya və sovet işçilərini yetişdirmək məqsədi ilə ikiillik Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbi yaradılıb. 1956-cı ildə onun əsasında Bakı Ali Partiya Məktəbi (BAPM) təsis edilib. BAPM-in tədris planında marksizm-leninizm nəzəriyyəsi, partiya-sovet quruculuq və digər ictimai elmlər əsas yer tuturdu. 1956-1963-cü illərdə həmin məktəb 700 yüksək vəzifə tutmuş rəhbər kadr buraxıb. [Azərbaycan Sovet Ensiklopediyası. I cild. Bakı-1976] [Очерки истории Коммунистической партии Азербайджана. Баку-1963]

3 yanvar 1999-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması haqqında imzaladığı Fərmanı ilə universitetin əsası qoyulub. Həmin il “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsi yaradılıb. Akademiyanın fəaliyyəti isə 1 sentyabr 1999-cu ildə başlayıb. [https://e-qanun.az/framework/1756] [Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1999-2009). Bakı-2009] 

Hazırda Dövlət İdarəçilik Akademiyası tədris və elmi prosesdə iştirak etmək üçün xarici müəllimlər dəvət edir, həmçinin BMT, UNİCEF ilə birgə treninqlər keçirir. Hər il dövlət orqanlarında çalışan 75-dən çox məmur universitetin peşəkar kadrların hazırlanması və ixtisasartırma fakültəsinə daxil olur.

[https://dia.edu.az/ru/arxivl%C9%99r/research/beyn%c9%99lxalq-%c9%99laq%c9%99l%c9%99r]