“Heydər Əliyev İli” çərçivəsində oktyabrın 1-də “Heydər Əliyev – 100 il” marafonu təşkil ediləcək. Yarış Azərbaycan Atletika Federasiyası və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə baş tutacaq. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Bu marafona miqrasiya orqanları işçiləri, ölkəmizdə uzun müddət yaşayan və işləyən əcnəbilər, fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri, miqrasiya idarəetməsində iştirak edən vətəndaş cəmiyyətinin üzvləri və könüllülər qoşulacaqlar. Yarışa hər kəs qatıla bilər.

Dövlət xidmətindən verilən məlumata görə, marafon saat 10:00-da başlayacaq və “Deniz Mall” ticarət mərkəzindən Dövlət Bayrağı Meydanına qədər olan 5 kilometrlik dairəvi məsafəni əhatə edəcək.

Marafonun qalibləri müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Marafona qeydiyyat üçün son tarix 25 sentyabrdır. Qeydiyyatdan keçənlərə əlavə məlumat veriləcək.

Qeydiyyat onlayn şəkildə aparılır.