Bakıda ölkəmizdə qadağan olunan gizli kameralara tələbat artır. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az APA TV-yə istinadən məlumat verir.

Kameraların satışı və istifadəsi qanunsuz olsa da, onlara insanlar tərəfindən maraq var. Onların əksəriyyəti şantaj, hədə-qorxu ilə pul tələb etmə məqsədilə kameraları alır. Bu yanaşma, öz növbəsində daha ağır cinayətlərə, qətllərə, intiharlara belə səbəb ola bilər.

Bu cür qurğular insanların istirahət üçün getdiyi məkanlarda, hotellərdə olduqda da quraşdırılır. Hotellərin işçiləri anonim olaraq bu faktı təsdiqləyirlər.

Təhlükəsizlik eksperti Elmar Nurəliyev bildirir ki, müşahidə kameraları yalnız təhlükəsizlik məqsədilə, baş verə biləcək hər hansı cinayətin aşkarlanması, yaxud qarşısının alınması üçün quraşdırıla bilər. Təhlükəsizlik məqsədilə müşahidə kameraları quraşdırılarkən belə ərazidə çəkilişin aparılması ilə bağlı xəbərdaredici lövhənin olması mütləqdir. Müşahidə kameraları cinayətin qarşısının alınması məqsədilə qurulur, ancaq gizli kameralar cinayətə zəmin yaradır.

Hüquqşünas Emil Aslanov qeyd edir ki, gizli kameralar gizli informasiyanın əldə edilməsində texniki vasitə hesab olunur. Sözügedən kameraların dövriyyəsi Azərbaycanda qanunla qadağandır. Gizli kameralardan qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız xüsusi xidmət orqanlarının əməkdaşları istifadə edə bilərlər.

Hüquqşünas bildirir ki, kimsə gizli kamera vasitəsilə məlumat əldə edib, şantaja əl atırsa, ona 3 ildən 17 ilə qədər həbs cəzası verilə bilər.