Bakının Nizami və Xətai rayonlarında piyada səkiləri zəbt edilib. Bu haqda bu gün, 18 sentyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən xəbər verir.

Qara Qarayev prospektində piyada səkisində maneə yaradan Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən quraşdırılan müşahidə kameralarının dirəkləridir. Buna görə də piyadalar avtomobil yoluna çıxmalıdırlar.

Sakinlər bu vəziyyətdən narahat olduqlarını bildirirlər. Onlar hərəkət etməkdə ciddi çətinlik çəkirlər və özlərini təhlükəyə atmağa məcbur qalırlar.

Bu məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzin (NİİM) ictimayyətlə əlaqələr sektorunun aparıcı mütəxəsisi Ömər Xıdırov məlumat verib ki, dirəklər 12 il bundan qabaq digər dövlət qurumu tərəfindən quraşdırılıb. Problemi həll etmək üçün səkini genişləndirmək lazımdır. Bu məsələ isə NİİM-in səlahiyyətləri xaricindədir.

Analoji bir problem Xətai rayonunun Sadıqcan küçəsində yaşanır. Ərazidə səki bir yandan ağaclar, digər yandan isə avtomobillər tərəfindən zəbt olunub. Burada avtomobillər üçün parklanma yaradılsa da, piyadaların təhlükəsizliyi nəzərə alınmayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) xəbər verilib ki, həmin piyada səkilərinin vəziyyəti ilə bağlı aparılan araşdırmalar zamanı parklanma yerlərinin, eləcə də yolun hərəkət hissəsinin məhdudlaşdırılması müəyyən olunub. Bu isə inzibati məsuliyyət kimi qiymətləndirilir. Problemin aradan qaldırılması üçün müvafiq qurumlarla birgə lazımi tədbirlər görüləcək.