Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbəsində bir neçə il əvvəl yolun kənarında salınan park yararsız hala düşüb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Sakinlər bildirirlər ki, yağışlı havadan sonra parkın bəzi hissələrində palçıqlı gölməçələr əmələ gəlir. Tamet plitələri xarab olaraq, otla örtülür, skamyalar naməlum şəxslər tərəfindən qırılır. Ağaclara və kollara müvafiq qulluq göstərilmir.

Parkda kommunal işçilərin və mühafizəçilərin görünməməsindən istifadə edən tüfeyli həyat sürənlər burada məskunlaşmağa başlayıblar. Vətəndaşlar, həmçinin burada narkotik aludəçilərinin peyda olduqlarını da qeyd edirlər.

Redaksiyamıza müraciət edərək yerli sakinlər müvafiq orqanlardan parkın dağılmaqdan qorunması üçün tədbirlər görülməsini xahiş edirlər.