Bölgədəki son vəziyyətlə bağlı Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib. Bu haqda bu gün, 20 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Brifinqdə diplomatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Fariz Rzayev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov iştirak ediblər.
Brifinqin icmalı:
- Üç ilə yaxındır Ermənistan vaxt qazanmağa çalışır. Ona görə də antiterror tədbirlərinə məcbur olduq;
- Qarabağdakı erməni hərbi birləşmələrinin mövcudluğu reinteqrasiyaya mane olurdu;
- Azərbaycan Ordusu həssaslıqla davrandı, mülki obyektlərə zərbə endirmədi. Həmçinin bu antiterror tədbirləri zamanı Qarabağ sakinlərinin telefonlarına göndərilmiş SMS-lər vasitəsilə onlara xəbərdarlıq edilirdi ki, hərbi obyektlərdən uzaq dursunlar. Bir daha demək istəyirəm ki, antiterror tədbirləri lokal və məhdud şəkildə həyata keçirildi;
- Azərbaycan Ermənistanla əlaqələrin normallaşmasına və sülhə sadiqdir;
- Dünya dövlətlərinin atacağı bəzi addımlar sülh gündəliyinə mane ola bilər. “Azərbaycanın bu müraciətinin eşidiləcəyinə ümid edirəm”, – deyə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib;
- 44 günlük müharibədən sonra sülh sazişi ilə bağlı təşəbbüs Azərbaycana məxsusdur, baxmayaraq ki, 30 il ərzində işğala məruz qalan tərəfdir;
- Qanunsuz erməni silahlı birləşmələri sentyabrın 19-da Şuşanı ağır artilleriya ilə bombalayıblar.
Növbəti görüləcək addımlar aşağıdakılardır:
- Sabahdan Yevlaxda ermənilərlə danışıqlar olacaq. Danışıq dedikdə sadəcə hüquqi sənədlər və gələcəkdə erməni əhalinin yaşaması müzakirə ediləcək;
- Ermənilər Azərbaycan qanunlarına tabe olmağa davam edəcəklər. İstəməyənlər üçün dəhliz açılacaq və yola salınacaqlar. Əlavə heç bir imtiyaz olmayacaq. Azərbaycan vətəndaşı necə yaşayırsa, eyni qayda-qanunlarla onlar yaşayacaqlar;
- Azərbaycan atributları Qarabağda olacaq. Heç bir qondarma rejimə aid atribut olmayacaq, Dövlət orqanlarımız təmsil ediləcəklər və separatçı rejiminin orqanları, sənədlər və s. inteqrasiya ediləcək;
- Çox güman ki, “ASAN Xidmət”in maşınları yaxın zamanda orada görünəcək. İlk öncə vətəndaşlıq məsələsi həll ediləcək.