“Yevlaxda keçirilən görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə olunub. Lakin bütün məsələləri və problemləri bir görüşdə həll etmək olmaz”, – Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov News.ru-ya bildirib.

O, həmçinin vurğulayıb ki, Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir.

“Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklərlə davam edən böhran və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb. Ölkələr arasında sülh müqaviləsi beynəlxalq hüquqa əsaslanan beş bənddən ibarət olacaq, xüsusən də hər iki ölkə bir-birinin işinə qarışmamağa borclu olacaq”, – deyə Elçin Əmirbəyov əlavə edib.