Azərbaycan sülh gündəmini dəstəkləyir və hesab edir ki, Ermənistanla erkən sülh müqaviləsi regionda sabitlik üçün ən yaxşı həll yolu olacaqdır. Bu haqda Azərbaycan Prezidentinin köməkçisi Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Euronews” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan inteqrasiya olunmuş Qafqaz konsepsiyasına sadiqdir:
“Azərbaycan da inteqrasiya olunmuş Cənubi Qafqaz konsepsiyasını dəstəkləyir və bu prosesin tərkib hissəsi kimi hesab edir ki, Ermənistan qonşu ölkələrə qarşı ərazi iddiaları irəli sürmək əvəzinə, onlarla mehriban qonşuluq münasibətləri yaratmağa çalışmalıdır”.
Prezidentin köməkçisi antiterror tədbirinin mahiyyətindən söz açıb və bunun məhdud xarakter daşıdığını vurğulayıb.
“Azərbaycan açıq şəkildə bildirdi ki, separatçılar və qeyri-qanuni hərbi birləşmələr tərksilah edilərsə və ya bunu elan edərlərsə, Bakı bu antiterror aksiyalarını dayandırmağa və Qarabağ erməniləri ilə dərhal təmaslara başlamağa hazır olacaq”, – deyə Hacıyev əlavə edib.