Ermənistanın baş naziri Nikol Paşinyan canlı efirdə əhaliyə müraciət edib. Bu haqda bu gün, 21 sentybar tarixində Bakuplus.az məlumat verir.
Baş nazir Qarabağda dinc əhali arasında kütləvi itkilərin olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib. O əlavə edib ki, Ermənistan hakimiyyətinin məlumatına görə, Qarabağın dinc əhalisi üçün heç bir təhlükə yoxdur.
“Ermənistanda 40 minə yaxın ailənin yerləşdirilməsi üçün işlər gedir, lakin biz bu barədə danışmaq istəmirik, çünki hesab edirik ki, Qarabağ erməniləri öz vətənlərində layiqli və təhlükəsiz şəraitdə yaşamalıdırlar”, – Paşinyan canlı yayımda deyib.
“Qarabağda mülki əhali arasında kütləvi tələfat xəbərləri həqiqətə uyğun deyil. Düzgün məlumatlar rəsmi səviyyədə verilən məlumatlardır. Digər məlumatlar yanlışdır”, – deyə Paşinyan əlavə edib.
“Bizdə məlumat var ki, Stepanakert (Xankəndi) hava limanına 10 minə yaxın insan dəvət olunub, onlara deyiblər ki, siz Ermənistana köçəcəksiniz. Onların şəklini çəkiblər, lentə alıblar, sonra bildiriblər ki, Ermənistan sizə getməyə icazə vermir. Mənə aydındır ki, bu, Ermənistanda daxili siyasi sarsıntı və xaos yaratmaq üçün edilir”, – hökumətin başçısı bildirib.
“Ermənistanın Dağlıq Qarabağ vətəndaşlarının Ermənistana girişini qadağan etdiyi və ya əngəllədiyi barədə məlumatlar yayılıb. Bu məlumat həqiqətə uyğun deyil. Birincisi, demək istəyirəm ki, Laçın dəhlizi 10 aydır ki, bağlanıb, Ermənistan Respublikası ərazisində isə Laçın dəhlizinə gedən bütün yollar açıqdır. İkincisi, bu həftənin əvvəlində hökumət tərəfindən işçi qrup yaradılıb. Bu qrup Ermənistana müxtəlif ssenarilər nəticəsində gələ biləcək soydaşlarımızın problemlərinin həlli ilə məşğul olacaq”, – Paşinyan deyib.