13:45 – Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib.
13:23 – Yevlaxda keçirilən görüş başa çatıb. İctimaiyyətə nəticə ilə bağlı məlumat veriləcək.
11:46 – Qarabağın erməni icması nümayəndələrinin Bakı nümayəndələri ilə görüşü Yevlaxda keçirilir.
Görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.
Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.
Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.
10:55-Yevlaxda görüş: Qarabağ ermənilərinin nümayəndələri Ramin Məmmədovla görüşmək üçün Yevlaxa gəliblər
Qarabağ erməni icmasının nümayəndələri Yevlax şəhərinə gəliblər. Onlar Qarabağ bölgəsinin erməniəsilli sakinləri ilə təmaslara cavabdeh olan Milli Məclisin deputatı Ramin Məmmədovla görüşəcəklər. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət edir.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə olunacaq.
10:14 – Qarabağın erməni icmasının nümayəndələri danışıqlar aparmaq üçün Yevlaxa yola düşüblər
Qarabağın erməni icmasının nümayəndələri Azərbaycan rəsmiləri ilə görüşmək üçün Yevlax rayonuna səfər edirlər. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Onları Rusiya sülhməramlıları müşayiət edirlər. Hazırda nümayəndələr Ağdam rayonundadırlar.
Sentyabrın 20-də Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsində yerləşən qanunsuz erməni silahlı birləşmələri və bölmələri silahı yerə qoyaraq təslim olub.
Əldə olunmuş razılığa əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri və qanunsuz silahlı birləşmələri döyüş mövqelərini və hərbi postlarını tərk edərək, tamamilə tərksilah edilirlər. Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ərazisini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri dağıdılır. Eyni zamanda bütün silah və ağır texnika təslim edilir.