Azərbaycan Milli Kitabxanası Bakıda, Xaqani küçəsi, 29-da yerləşir. Azərbaycanın baş kitabxanası olan Milli Kitabxana Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir.

Kitabxana 1920-ci ildə yaradılmışdır. O zamanlar onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5 min nüsxə kitab verilmişdir. Bu müəssisə üçün Svoboda (indiki Üzeyir Hacıbəyov) və Krasnoarmeyskaya (indiki Səməd Vurğun) küçələrinin kəsişməsində yerləşən binada üç otaq ayrılmışdır. Kitabxana Sovet İttifaqının hər yerindən mətbuatın nüsxələrini almağa başladı və onun fondu artırdı.

Kitabxananın rəsmi açılışı 23 may 1923-cü ildə baş tutdu. Bu zaman müəssisənin fondu 13 minə yaxın kitab təşkil edirdi. 1925-ci ildə kitabxana indiki İstiqlaliyyət küçəsi, 10 ünvanındakı evə keçirildi. 1939-cu ildə kitabxanaya maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənmiş, onlarca yeni şöbə yaranmışdı. Bunu nəzərə alaraq, kitabxana üçün xüsusi binanın tikilməsi məsələsi dəfələrlə qaldırılırdı. Lakin Böyük Vətən müharibəsinin başlaması bunun qarşısını aldı. Müharibə illərində kitabxana işğaldan azad edilmiş əraziləri və hərbi hissələri ədəbiyyatla təchiz edirdi. [Таиров К. «Ахундовская библиотека» – от трех комнат к четырем этажам // IRS-Наследие: журнал. – 2008. – № 4 (34). – С. 54-57]

1960-cı ildə memar Mikayıl Useynovun layihəsi əsasında kitabxana üçün yeni dördmərtəbəli bina inşa edildi. Kitabxananın oxu zallarının tutumu 500 nəfər təşkil edirdi. Binanın fasadı N.Gəncəvi, A.S.Puşkin, D.İ.Mendeleyev, H.Zərdabi, Ü.Hacıbəyov və digər maarifçilərin abidələri ilə bəzədildi.

Ümummilli lider Heydər Əliyev dəfələrlə buraya gəlmiş və öz şəxsi kitabxanasından yüzlərlə kitabı hədiyyə etmişdir.

2004-cü ildə kitabxanaya “Milli Kitabxana” statusu verilmişdir. Bu gün Milli Kitabxana dünyanın 60-a yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq edir. Hal-hazırda Milli Kitabxanada 27 şöbə, 47 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyondan çox çap məhsulu saxlanılır. [http://www.millikitabxana.az/about-us/history]