Ötən ilin sentyabr ayında Buzovna qəsəbəsində əmisini qətlə yetirməkdə təqsirləndirilən Şahin Qədəşova hökm oxunub. Bu haqda bu gün, 23 sentyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən məlumat verir.

Məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Bildirilib ki, məhkəmə-tibbi ekspertizası zamanı mərhumun qanında 1,6% qatılığında etil spirti aşkar edilib. Məhkum olunmuş şəxsin sözlərinə görə, əmisi spirtli içki aludəçisi olub, dəfələrlə müayinədən keçirmiş. Eləcə də qətl gecəsi əmisi Şahinin yanına gələrək onu və mərhum qardaşını təhqir etməyə başlayıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağı olduğuna görə təqsirləndirilən şəxsi bağışlayır. Ondan şikayəti yoxdur. Lakin Qədəşovun əməli istintaq orqanı tərəfindən “Qəsdən adam öldürmə” maddəsi ilə düzgün tövsif edilib, və o, 10 il müddətinə azadlıqdan məhrum olunub.

Hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində ötən il 29 sentyabr saat 03:00 radələrində baş verib. 50 yaşlı Valeh Qədəşovun üzərində xəsarət izi olan meyiti yaşadığı evdən 30-40 metr uzaq məsafədə küçədə aşkar edilib.

Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb. Mərhumun qardaşı oğlu, 33 yaşlı Şahin Qədəşovun aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Valeh Qədəşova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.