Mirzə Şəmsi oğlu Əsədullayev 1875-ci ildə Bakı şəhərində, milyonçu Şəmsi Əsədullayevin ailəsində anadan olub.

Orta təhsilini Bakı gimnaziyasında başa vurduqdan sonra o, atası Şəmsi Əsədullayevin neft şirkətində əmək fəaliyyətinə başlayıb. Atası onun mükəmməl təhsil alması, dövrünün əsl ziyalısı kimi yetişməsi üçün evdə lazımi şərait yaratmışdı. Atası Moskvada yaşadığı illərdə Bakıda neft şirkəti ilə bağlı bütün məsələləri Mirzə həll edirdi. Rus dilində təhsil aldığı üçün ana dilini mükəmməl bilməyən Mirzə Əsədullayev 1912-ci ildə Moskva konservatoriyasında oxuyan Üzeyir Hacıbəyovdan dərs almışdır.

1915-ci ildə Mirzə Əsədullayev “Qardaş köməyi” adlı qəzet nəşr etdirməyə başlamışdı. Cəmi bir nömrəsi çapdan çıxan qəzetin əldə olunan gəliri birinci dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət (rus mətbuatında “Dikaya diviziya” adı ilə tanınan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf edilmişdir. [Şüküroğlu L. Milyonçu mesenatın nazir övladı: Mirzə Şəmsi oğlu Əsədullayev. 525-ci qəzet.- 2018.- 13 iyun.- S.6.]

Əsədullayev fevral inqilabından sonra – 1917-ci ilin martında Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilmişdir. O, 1918 ildən Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının sədri olmuşdur. Həmin il Əsədullayev Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında Qanun”una əsasən, Neft Sənayeçiləri Qurultayı Şurasından Cümhuriyyət Parlamentinə seçilmişdir. O, “Müsavat” və bitərəflər fraksiyasına daxil idi. Əsədullayev 1918-ci ilin dekabrından 1919-cu ilə qədər Üçüncü Hökumət kabinəsində ticarət və sənaye naziri vəzifəsini icra etmiş, Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir.

Sovet hakimiyyətinin işğalından sonra – 1920-ci ilin mayında Əsədullayev həbs olunmuş, qısa müddətdən sonra azad edilmişdir. O, hökumətdən rəsmi icazə alaraq, Parisə getmiş, ömrünün sonuna kimi orada yaşamışdır. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. I cild. Bakı-2004]

Mirzə Əsədullayev 14 aprel 1936-cı ildə vəfat edib və Parisin Bobinyi qəsəbəsindəki müsəlman qəbiristanlığında dəfn edilib. [https://www.baku.ru/blg-list.php?id=95189]