Bakıda “Nine Senses Fest” adlı mənəvi və fiziki təcrübələr festivalı keçiriləcək. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az eyniadlı mərkəzə istinadən xəbər verir.

Festivalda Azərbaycan və dünyanın ən peşəkar mütəxəssislərinin ustad dərsləri keçiriləcək.

“Biz sizə dünyanın müxtəlif ölkələrindən ən yaxşı mütəxəssisləri, istiqamət hedlaynerlərini və mənəvi saflığa xidmət edən məktəblərin rəhbərlərini dəvət etmişik”, – deyə təşkilatçılar bildirirlər.

Tədbir 3 fərqli məkanda keçiriləcək və 3 gün davam edəcək. Proqram aşağıdakı kimi olacaq:

  • Bütün ruhi-mənəvi istiqamətlər, meditasiya proqramları, yoqanın yüksək pillələri (kriya, kundalini, hatha, nidra);
  • Fiziki bədənin sağlamlığı ilə bağlı olan hər şey. İş qabiliyyətini, yaradıcılığı, uzun və fəal həyatı – bir sözlə, sağlam yaşam tərzini təmin edən təcrübələr və mütəxəssislərlə tanış olmaq imkanı. Məsələn, streyçinq, gimnastika, hərəkət terapiyası və s.;
  • Bu istiqamətdə elmi-maarifləndirici mühazirələr və mental sağlamlıqla bağlı hər şey təqdim olunacaq. Emosional zəkanın inkişafı, fərqli istiqamətlərdə kouçinq və müxtəlif növ artterapiya.

Hedlaynerlərin arasında İmran Kriya, Nandan Gautam, Anna Vladimirovna və Mətanət Babayeva kimi şəxsiyyətlər olacaq.

Axşam saatlarında yerli mətbəxlə tanışlıqdan sonra Ecstatic Dance və canlı musiqi konsertləri, həmçinin gün ərzində tematik yarmarka təşkil olunacaq.

Festival 6-8 oktyabr tarixlərində “Nine Senses Art Center”, “The club Port Baku” və “Sea Breeze Resort”da təşkil olunacaq. Biletlər artıq satışdadır. Qiymət 150 AZN təşkil edir.

Ətraflı məlumat üçün: +994103100203, +994552555412.