Həyat yoldaşına qarşı şiddət tətbiq edən polkovnik-leytenant Ceyhun Hüseynov barədə qərar verilib. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Hüseynov İnzibati Xətalar Məcəlləsinin “Döymə” maddəsi ilə məhkəmə qarşısına çıxarılıb. Bakı Hərbi Məhkəməsində keçirilən iclasda sabiq baş müstəntiq çıxış edərək iddianı qəbul etmədiyini, protokolda yazılanların uydurma olduğunu bildirib.

Onun həyat yoldaşı Nərgiz Hüseynova məhkəmədə iştirak etməyib. Hakim bildirib ki, Hüseynova ərinə qarşı yalan məlumat verdiyini etiraf edərək məhkəməyə ifadə göndərib. Bu əsasda Ceyhun Hüseynov inzibati məsuliyyətdən azad edilib, onun barəsində törədilmiş inzibati xəta ilə bağlı icraata xitam verilib.

Hüseynovanın vəkili Elməddin Məhərrəmov bu qərardan narazı qalıb. Vəkilin sözlərinə görə, müvəkkilinin yalan ifadə verməsi ilə bağlı məhkəməyə ifadə göndərilməyib: “Hazırda sübutların saxtalaşdırılması ilə bağlı prokurorluğa müraciət hazırlayırıq”.

Bu ilin mart ayında Hüseynovun həyat yoldaşı mediaya üz tutaraq ərinin dövlətin ona əmanət etdiyi silahı onun başına dirədiyini və onu “sənə xəyanət etmişəm” sözlərini deməyə məcbur etdiyini bildirmişdi.

Qadın onu da əlavə edib ki, Hüseynov onu zorla çöllük yerə gətirib və orada dəmir parça ilə döyüb. Qadın evdən qaçaraq mətbuata müraciət edib.

Bundan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov işdən azad edilib.