Binəqədi rayonunda sakinlər zibil maşınlarından şikayət edirlər. Bu haqda bu gün, 27 sentyabr tarixində Bakuplus.az ARB-yə istinadən xəbər verir.

Belə ki, yaşayış evlərinin yanında zibil maşınları üçün qaraj yerləşir. Bu səbəbdən nəqliyyat vasitələrini həm içəridə, həm də çöldə park edirlər. Bu da sakinlərin şikayətinə səbəb olur. Maşınlar piyada səkisinin üzərində saxlanılır.

“Dolu vəziyyətdə dayanır. Bütün çirkab küçəyə axır. Elə olur ki, darvazanı açırıq, zibil maşınına dəyir. Üfunətdən dayanmaq mümkün olmur”, – deyə sakinlər şikayət edirlər.

“Ərazi sənaye ərazisidir, vətəndaş ora gələndə bunu nəzərə almalı idi. Yəni bu, yaşayış zonası deyil, burada istəsəniz də, istəməsəniz də, spesifik qoxu və yaxud səs olur. Gələcəkdə ola bilər ki, yeni nəqliyyat sahəsi üçün ərazi ayrılsın. Sadəcə hazırda yaxın gələcəyə elə bir perspektiv yoxdur”, – deyə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Baş mühəndisi qeyd edib.