Dağlıq Qarabağ münaqişəsi XX əsrin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Beləliklə, Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən Azərbaycanın yaşayış yerlərini və hərbi mövqelərini atəşə tutub. Buna cavab olaraq, “Dəmir yumruq” adlı əks-hücum əməliyyatı başlayıb.
Müharibənin ilk günlərində Azərbaycan Ordusu bir sıra kəndləri və strateji yüksəklikləri işğaldan azad edib. 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı və 8 noyabr Şuşa şəhərləri işğaldan azad olunub. İkinci Qarabağ müharibəsinin nəticəsində 300-dək yaşayış məntəqəsi, o cümlədən Tərtər, Xocavənd, Xocalı rayonlarının böyük bir hissəsi azad edilib.
10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti bəyanat imzalayıblar. Ona əsasən, həmin ilin 20 noyabr tarixində Ağdam rayonu, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın qaytarılıb. 44-günlük müharibə nəticəsində 93 mülki azərbaycanlı həlak olub, 454 nəfəri isə yaralanıb.
2 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si ölkədə Anım Günü kimi qeyd olunur.
19 sentyabr 2023-cü ildə Qarabağda Azərbaycan tərəfindən lokal xarakterli antiterror əməliyyatları başlayıb. Buna səbəb isə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrində ardıcıl iki mina partlayışının baş verməsi olub: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus yük maşınının tank əleyhinə minaya düşməsi nəticəsində agentliyin iki əməkdaşı – Sadıxov Samir və Quliyev Fərhad həlak olublar. Hadisədən bir qədər sonra isə həmin ərazidə törənmiş növbəti mina partlayışında 4 polis əməkdaşımız həlak olub.