Heydər Əliyev Mərkəzində noyabrın 1-də “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı baş tutacaq. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.

Sərgidə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin tarixini izləmək mümkün olacaq. Yerli muzeylər tərəfindən təqdim olunan eksponatlarla yanaşı, bəzi nümunələr Türkiyədən gətirilib və ölkəmizdə ilk dəfə nümayiş olunacaq.

Sərgidə Ağqoyunlu dövlətinə məxsus sikkələr, arxeoloji qazıntılar nəticəsində tapılan keramika nümunələri, mis əşyalar yer alacaq. Ekspozisiyanın kinozalında Uzun Həsənə həsr edilən sənədli film də nümayiş olunacaq.

Bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür. Sərgi 2024-cü il 17 yanvar tarixinədək davam edəcək.