“Bildiyiniz kimi, mən Azərbaycan tərəfindən “qara siyahı”ya salınmışam və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün mən Stepanakertdən (Xankəndi) Şuşiyə (Şuşaya) getmək qərarına gəldim”, – deyə Qarabağ separatçılarının “keçmiş xarici işlər naziri” David Babayan öz Facebook səhifəsində bu gün, 28 sentyabr tarixində yazıb.

“Bu qərar, təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stres yaşadacaq, amma əminəm ki, onlar başa düşəcəklər.

Gəlməməyim, daha pisi, qaçmağım xalqımıza, çoxlarına ciddi ziyan vuracaq və mən vicdanlı, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”, – o əlavə edib.

Ötən gün, 27 sentyabr tarixində “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 55 yaşlı Ruben Vardanyan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən saxlanılıb. Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılaraq Bakıya gətirilib.