“Neftçi” Futbol Klubuna yeni təyinat olub. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az klubun saytına istinadən xəbər verir.

45 yaşlı Emin Əfəndi PFK-nın yeni mətbuat katibi vəzifəsinə təyin olunub.

E.Əfəndi peşəkar karyerasına ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. O, “De, Gəlsin” meyxana verilişinin aparıcısı, daha sonra “Space TV”də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub. Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib.

Bundan əlavə, justfootball.com saytının və internet üzərində yayımlanan “justfootball” ilk futbol verilişinin layihə rəhbəri kimi çalışan Əfəndi ATV telekanalında yayımlanan “Böyük Səhnə” verilişində münsiflər heyətində yer alıb, Vitali Kliçko, Roberto Karlos, Demis Russos kimi məşhur ulduzların qonağı olduğu “Bizim kimi” verilişinin layihə rəhbəri və aparıcısı olub. Eləcə də “Radio Enerji”də yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radioşousunun layihə rəhbəri olub.

Hazırda Azərbaycan Respublikasının Xalq artisti Miri Yusifin prodüseri və ASAN Radionun dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.