Qalada sakinlər zəhərli tüstü buraxan zavoddan narazılıq edirlər. Onlar evlərində rahat nəfəs ala bilmədiklərini deyirlər. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Qalanın 42-ci məhəllə adlanan ərazisində fəaliyyət göstərən zavodun tüstüsündən sakinlər iddia edirlər ki, nə gündüzün günorta çağı, nə də səhər saatlarında nəfəs almaq mümkün olmur.

Sakinlər müvafiq qurumlara müraciət etsələr də, zavod bu günə kimi fəaliyyət göstərir, ətrafı qara tüstü bürüyür.

Zavoddan bildirildi ki, illərdir transformator və digər elektrik avadanlıqlarının istehsalı ilə məşğul olan müəssisə icarəyə verilib. Müəssisənin mühafizəçisi isə jurnalistləri içəri buraxmadı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəsmisi Qafar Ağayev məlumat verdi ki, Sahib Fərzəliyevə məxsus metaləridilmə müəssisəsində yoxlama aparılıb. Müəssisənin fəaliyyət göstərməsi üçün müvafiq icazə alınmadığı, atmosferə atılan zərərli maddələrin qarşısının alınması üçün böyük əhəmiyyət daşıyan metal məmulatların hazırlanması zamanı istifadə olunan sobaya müvafiq qurğunun quraşıdırılmadığı, təhülkəli və təhlükəsiz tullantıların idarə olunmadığı müəyyən edilib.

Bundan sonra isə bu ilin avqustunda müəssisə rəhbəri barəsində inzibati qaydada protokol tərtib edilib, o, 3500 manat cərimə olunub. Ötən gün keçirilən yoxlama zamanı isə nöqsanların aradan qaldrılmadığı aşkarlanıb, bundan sonra nöqsanların aradan qaldırılmayacağı təqdirdə müəssisənin bağlanacağı ilə bağlı rəhbərliyə xəbərdarlıq edilib.

Qalada nöqsanlarla işləyən zavod ətrafına zəhərli tüstü buraxır
Foto Xəzər Xəbər