Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində yaşayan sakinlər onlardan işlətmədikləri suyun ödənişinin tələb olunduğunu iddia edirlər. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Salatın Əsgərova küçəsində yaşayan vətəndaşlar deyirlər ki, onların illərlə içməli su xətti olmasa da, onlara 168 və ya 240 manat dəyərində cərimə gəlib. Sakinlər bildirirlər ki, iki ay əvvəl əraziyə su xətləri çəkilib, bundan əvvəl isə onlar suyu maşınlarla alıblar.
“Azərsu” ASC-dən bildirilib ki, həmin ünvanlarda inventar aparılıb və daha əvvəl sudan istifadə edən kanalizasiya xətti olan sakinlərə 240, olmayanlara isə 168 manat məbləğində dəymiş ziyan hesablanıb və ödənişi tələb olunur. Həmin sakinlər də daha əvvəl su xəttindən istifadə ediblər.