Bakının Xətai rayonu, Mehdi Mehdizadə küçəsində tərk edilmiş zavod zibilxanaya çevrilib. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Söhbət metronun “Xətai” stansiyasının yaxınlığında olan Bakı Vaqon Təmiri Zavodundan gedir. Zavod 2019-cu ildə öz fəaliyyətini dayandırıb və bu zamandan sonra baxımsız vəziyyətə düşüb.
Əraziyə məişət tullantıları atılır, binada mövcud olan pəncərələrdə bir dənə də salamat şüşə qalmayıb.
Sakinlərin sözlərinə görə, zavodda mühafizə olmadığına görə gecə vaxtı orada içki aludəçiləri toplaşaraq səs-küy salırlar. Bu da yerlilərin narahatlığına səbəb olur.
Ötən il həmin ərazidən artıq şikayət daxil olmuşdu. Sakinlər narkomanlardan və zibildən şikayət etmişdilər. Zavodun Azərbaycan Dəmir Yolları QSC-nin balansında olduğu deyilsə də, indiyədək sahədə vəziyyət dəyişməyib.



