Binəqədi rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Biləcəri qəsəbəsi, DSK yolunda yerləşən və bir sahibkara məxsus bir neçə müxtəlif təyinatlı obyektdə sudan qanunsuz istifadə halları aşkarlanıb. Belə ki, bu obyektlərin sahibi texniki şərt almadan, müqavilə bağlamadan magistral su kəmərinə qoşulma edib. Həmin obyektlərin arxasında yerləşən 13 həyət evinə də su kəmərindən özbaşına birləşmə verilib.

8-ci mikrorayon yaşayış massivi, Süleyman Sani Axundov, 5B ünvanında yerləşən “Kababçı” və “Çayxana”da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb.

Seyid Cəfər Pişəvəri küçəsi, 1 ünvanında yerləşən hovuz avadanlıqlarının satışı məntəqəsində sudan qanunsuz istifadə halı aşkar edilib.

Cari ilin ilk 8 ayında Binəqədi rayonu üzrə 2337 sudan qanunsuz istifadə halları aşkarlanıb, 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.