Azərbaycanın Qarabağ bölgəsində törətdiyi terrorçuluq cinayətlərinə görə Ermənistan vətəndaşı Davit Manukyan həbs olunub. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq”, “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma”, “Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma” və “Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə” maddələri üzrə ittiham olunur.
Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusu, general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib.
Eyni zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin təşkilində iştirak edib.
Manukyan sentyabrın 27-də saxlanılaraq həbs olunub. İstintaq tıdbirləri davam edir.