Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Xarici kəşfiyyat idarəsinin rəisi Orxan Sultanov, ictimaiyyət nümayəndələri, döyüş yoldaşı və ailə üzvləri iştirak ediblər.
11:04 – 30 il əvvəl döyüşdən sonra itkin düşən Milli Qəhrəman Riad Əhmədovun dəfn mərasimi bu gün baş tutacaq
Bu gün, 30 sentyabr tarixində 31 il əvvəl itkin düşmüş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun qalıqları dəfn olunacaq. Bu haqda Bakuplus.az Modern.az-a istinadən məlumat verir.
Vida mərasimi saat 10:00-da DTX-nin Mədəniyyət Mərkəzində baş verib. Mərasimdən sonra mərhumun İkinci Fəxri xiyabanda dəfn olunacağı gözlənilir.
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət təhlükəsizlik orqanlarında peşəkar zabit kimi çalışıb və 1989-cu ildən, Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayandan sonra Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini təyin edilib. Riad Əhmədov 1992-ci il yanvarın 26-da Daşaltı kəndində rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə döyüşdə yaralanıb və itkin düşüb.
Onun qalıqları 31 ildən sonra, 2023-cü ilin sentyabrında Daşaltı yaxınlığında aparılan axtarışlar zamanı tapılıb.
1992-ci il iyunun 7-də Riad Əhmədov Milli Qəhrəman adına layiq görülüb. Bakıdakı 203 nömrəli tam orta məktəb onun adını daşıyır.
