Erməni separatçıların “keçmiş xarici işlər naziri” Davit Babayan həbs olunub. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verir.

Davit Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma”, “Muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə etməni təşkil etmə”, “Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma”, “Silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə”, “Terrorçuluğu təşkil etmə”, “Milli düşmənçiliyin salınmasını təşkil etmə” və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdi.

Bu il sentyabrın 29-da D.Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib və həmin gün ona bu maddələrlə ittiham elan edilib.

O, Dövlət Təhlükəsizliyi Xİdmətinin (DTX) istintaq təcridxanasına köçürülüb. İstintaq davam edir.