Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülər onların Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisinə girişinə məhdudiyyət qoyulmasından şikayət edirlər. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.
Taksi sürücülərinin sözlərinə görə, onların hava limanı ərazisinə girişinə icazə verilmir. Dəfələrlə “AZAL”a problemlə bağlı müraciət etsələr də, məsələ həll olunmayıb.
“Əgər onlardan gizlin hava limanına girib sərnişin götürsək, bizim maşınımızın şəklini çəkib “blok” edirlər, turniketdən içəri girməyə icəzə vermirlər”, – sürücülərdən biri deyib.
Məsələ ilə bağlı “AZAL”ın mətbuat katibi Nərmin Xəlilova şirkətin nümayəndələrinin şikayətçilərlə üz-üzə görüşmək istədiklərini söyləyib. Bir müddət sonra isə sürücülərin şikayət və təkliflərinin dinlənildiyi iclas keçirilib. Sürücülərə mövcud vəziyyətə baxaraq problemin həllinə köməklik göstəriləcəyi söz verilib.