Bakı Şəhər Dövlət Yol Polis İdarəsi 2-6 oktyabr tarixlərində baş tutacaq 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə bağlı paytaxt sakinləri və sürücülərə müraciət edib. Bu haqda bu gün, 30 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bakı Konqres Mərkəzi və Heydər Əliyev Mərkəzində keçirilən beynəlxalq tədbirdə iştirak edəcək yerli və xarici qonaqların əsas hərəkət marşrutları paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edəcək.
“Beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə, təhlükəsiz şəraitdə həyata keçirilməsi üçün bütün hərəkət iştirakçılatından, xüsusən də sürücülərdən mərkəz istiqamətinə səfərlərini, əsasən, ictimai nəqliyyata üstünlük verərək icra etməyi, bu müddət ərzində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik. Sözügedən ərazilərə daxil olan çoxsaylı ziyarətçilərin axınının fasiləsiz və yüksək təhlükəsizlik şəraitində idarə olunması məqsədilə paytaxtın Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Həsənoğlu və Təbriz küçələrində nəqliyyatın hərəkətini yükləməməyi və alternativ yollardan istifadə etməyi xahiş edirik’’, – müraciətdə deyilir.