Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törətməkdə təqsirli bilinən İran vətəndaşı Yasin Hüseynzadə edam olunacaq. Bu barədə bu gün, 2 oktyabr tarixində Bakuplus.az Azərbaycan Dövlət Televiziyasına (AzTV) istinadən məlumat verir.
Cari ilin 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
50 yaşlı Yasin Hüseynzadə Kalaşnikov markalı avtomat silahı ilə mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
İranın Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib, səfirliyin əməkdaşları və ailələri ölkədən təxliyə ediliblər.
Rəsmi Bakı İran tərəfindən terror aktını törədən şəxsin dərhal məsuliyyətə cəlb edilməsini, hərtərəfli araşdırma aparılmasını, cinayətin təşkilində və törədilməsində iştirak edən digər iştirakçıların müəyyən edilərək cəzalandırılmasını tələb edib.
Sentyabrın ortalarında İranın baş prokuroru Məhəmməd Kazım Movahedi-Azad Bakıda işgüzar səfərdə olarkən bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı açılan cinayət işi onun nəzarətindədir, iş məhkəməyə göndərilib və bu barədə ədalətli qərar veriləcək.