Bakının Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən 40 yaşlı Pərvin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.

Cəfərov “Avtomobili, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma” maddəsi ilə təqsirli bilinib. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə o, 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Həmçinin ona azadlığa çıxdıqdan sonra 2 il müddətində avtomobil idarə etmək qadağan edilib.

Qəza cari il martın 24-də “Neftçilər” metrosu yaxınlığındakı “Dakar” dairəsində baş verib. Cəfərov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə yolu keçən piyada, 47 yaşlı Rəfail Şükürovu vurub. Nəticədə kişi hadisə yerində dünyasını dəyişib.