Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan sakinlər tikinti şirkətindən şikayətçidirlər. Onların örüş yeri qazılıb, ərazidə tikinti işləri aparılır. Bu haqda bu gün, 2 oktyabr tarixində Bakuplus.az Xəzər Xəbər-ə istinadən məlumat verir.

Vətəndaşlar bildirirlər ki, sənəddə örüş yeri kimi qeyd olunan ərazidə naməlum tikinti şirkəti işlər aparır. Onların sözlərinə görə, illərdir örüş yeri kimi istifadə etdikləri ərazinin zəbt olunması ilə aidiyyəti qurumlara müraciət ediblər. Aldıqları cavabda isə ərazidə aparılan işlərin qeyri-qanuni olduğu öz təsdiqini tapıb.

Məsələ ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətindən (RİH) qeyd olunub ki, Zığ qəsəbəsində Zığ-1 sürüşmə sahəsində torpaq sürüşməsi səbəbindən 200-dən çox ailə dövlət hesabına kirayə mənzillə təmin olunub. Həmin ailələr üçün həmin ərazidə binaların tikilməsi nəzərdə tutulub. Rəsmi olaraq bu ərazilər örüş sahəsi deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansındadır.